Lənkəran Dairəvi Qalasının (Zindan qala) ətrafında və içərisində təmizlik, abadlıq işləri görülür, qalanın mühafizəsi istiqamətində zəruri tədbirlər həyata keçirilir. Bu haqda məlumatı Cenublu.az bu gün, 8 may tarixində Mədəniyyyət Nazirliyinə istinadən verir.
Zindan qalası 1747-1786-cı illərdə İran hökmdarı Nadir şahın əmri ilə inşa edilib. Lənkəran xanlığının Rusiya tərəfindən işğalından sonra, qalanın divarları dağıdılıb. Sonra qalanın binası 1956-cı ilə qədər həbsxana kimi istifadə olunub. Buna görə yerli əhali buranı Zindan qala və ya Lənkəran həbsxanası adlandırır. Yerli sakinlərin sözlərinə görə, İosif Stalin həbsinin bir müddətini burada çəkib, lakin bunun rəsmi təsdiqi yoxdur.
1970-1990-cı illərdə bina toxuculuq sexi kimi fəaliyyət göstərib. 1990-cı ildən memarlıq abidəsi kimi qorunur. 2010-cu ildə qalada bərpa işləri aparılıb. 2014-cü ildən binada bir müddət Lənkəran Şəkil Qalereyası fəaliyyət göstərib.