SON XƏBƏRLƏR

Lənkəran rayonunun Siyavar kənd sakinini aldadaraq 3500 manat pulunu mənimsəyən şəxs saxlanılıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 17 noyabr tarixində verir.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran rayonunun Siyavar kənd sakini polisə müraciət edərək sosial şəbəkədə tanış olduğu Anar adlı şəxsin işə düzəltmək adı ilə ondan 3500 manat pulunu alaraq mənimsədiyini bildirib. Zərərçəkmiş şəxs müraciətində pulu qarşı tərəfin göndərdiyi kart hesabına köçürdüyünü qeyd edib.

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluq faktını törətməkdə şübhəli bilinənin Bakı şəhər sakini Anar Rzayev olduğu müəyyən edilib.

Aparılan əlavə araşdırmalarla həmin şəxsin sosial şəbəkə vasitəsilə tanış olduğu daha 3 nəfər Lənkəran sakininə qarşı dələduzluq etdiyi məlum olub. Belə ki, A.Rzayev həmin şəxslərin etibarından sui-istifadə edərək müxtəlif məbləğlərdə pullarını xaricdə işə düzəlmək adı ilə alaraq mənimsəyib. Məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır.