SON XƏBƏRLƏR

3 övladı Vətənə əmanət qalan lənkəranlı şəhid Taleh İsmayılovun ailəsi 3 otaqlı evlə təmin olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 8 sentyabr tarixində Azertac-a istinadən verir.

Şəhidin həyat yoldaşı Gülay İsmayılova bildirib ki, onlar 2009-cu ildə ailə həyatı qurublar: “Taleh 2015-ci ildə N saylı hərbi hissədə sürücü manqa komandiri kimi xidmətə başlayıb, Aprel döyüşlərində iştirak edib. Vətən müharibəsində də ön xətdə olub. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdam və Xocavəndin işğaldan azad olunmasında böyük şücaət göstərib. Talehin qəhrəmanlığı qiymətləndirildi. Ali Baş Komandan yoldaşımın xidmətlərini medallarla qiymətləndirdi və şəhidin üç əmanətini evlə təmin etdi. Bizə dövlət tərəfindən gördüyünüz bu yaraşıqlı 3 otaqlı mənzil verildi. Sağ olsun dövlətimiz, şəhid ailələrinə daim qayğı göstərilir”.

Qeyd edək ki, Vətən müharibəsi şəhidi Taleh İsmayılov 26 noyabr 1986-cı ildə Lənkəranın Boladi kəndində anadan olub. 2015-ci ildən Azərbaycan Silahlı Qüvvələri sıralarında müddətdən artıq xidmət edən Taleh 2016-cı ilin Aprel döyüşlərində də iştirak edib. O, Vətən müharibəsində də qəhrəmanlığı ilə seçilib. Müharibənin ilk günlərindən cəbhənin ən gərgin mövqelərində düşmənə qarşı igidliklə vuruşub. Şuşanın azadlığı uğrunda gedən döyüşlər zamanı – 4 noyabr 2020-ci ildə qəhrəmancasına şəhid olub. Ölümündən sonra Prezidentin Sərəncamı ilə “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Şücaətə görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.