SON XƏBƏRLƏR

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Fizika fakültəsinin Fizikanın tədrisi texnologiyası kafedrasının professoru, əməkdar müəllim Şükür Əlizadə 82 yaşında dünyasını dəyişib. Bu haqda məlumatı Cenublu.az bu gün, 14 oktyabr tarixində verir.

Şükür Əlizadə 25 oktyabr 1940-cı ildə Lənkəran rayonunun Viyən kəndində kolxozçu ailəsində anadan olub. 1958-ci ildə Kərgəlan kənd orta məktəbini bitirdikdən sonra ADPU-nun (keçmiş V.İ.Lenin adına ADPİ-nin) fizika fakültəsinə daxil olub.

O, 1974-cü ildə ADPU-nun İxtisaslaşdırılmış müdafiə şurasında “Orta məktəbdə fizikadan bəzi təcrübələrin yarımkeçirici cihazlarla aparılması metodikası” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, elmlər namizədi alimlik dərəcəsi alıb.

Onun qələminin məhsulu olan “Pedaqoji institutlarda məktəb fizika eksperimentinin aparılması metodikası və texnikası” adlı 5 hissəli dərs vəsaiti bu gün də bakalavr və magistrantların stolüstü kitabına çevrilib.

Şükür Əlizadə indiyə kimi 8 ixtira və 50 səmərələşdirici təklifin, çoxlu sayda dərs və metodik vəsaitin, elmi-metodik məqalələrin müəllifidir.