SON XƏBƏRLƏR

Lənkəranlı rejissor Rahim Sadıqbəylinin qızı İsveç Krallığında keçirilən builki seçkilərdə ölkə parlamentinin (Riksdaq) və yerli bələdiyyə məclislərinin mandatını qazanıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 30 sentyabr tarixində Diasporla İş üzrə Dövlər Komitəsinə istinadən verir.

Belə ki, İsveçdəki Azərbaycan icmasının nümayəndəsi olan Əminə Sadıqbəyli Solentuna bələdiyyə məclisinin üzvü seçilib.

Qeyd edək ki, Rahim Sadıqbəyli 1965-ci ildə Lənkəran şəhərində anadan olub. O, 1972-1982-ci illərdə şəhər 1 saylı tam orta məktəbdə təhsil alıb. Daha sonra Mədəniyyət və İncəsənət universitetinin dram və kino aktyorluğu fakültəsini bitirib. Moskvada Ali rejissorluq və ssenari kurslarında oxuyub. “Azərfilm” kinostudiyasında rejissor assistenti və ikinci rejissor, AzTV-də rejissor, ANS-də prodüser və efir rejissoru, ATV-də yaradıcılıq işləri üzrə vitse-prezident vəzifələrində çalışıb.

O, Azərbaycanın ilk teleserialı olan “Bəyaz həyat”ı çəkib. Həmin serialın qısaldılmış variantı Krım TV filmlər festivalında ən yaxşı rejissor mükafatına layıq görülüb.

Sadıqbəyli ailəsi ilə birlikdə 2003-cü ildən İsveçdə yaşayır. 2010-cu ildə İsveçin 3-cü böyük şəhəri olan Linköping bələdiyyəsində “web tv” prodüseri və 2011-ci ildən İctimai Bilik kanalı olan UR-də sujetlər prodüseri kimi fəaliyyətdədir. O, Stockholm Azərbaycan Mədəniyyət Mərkəzinin yaradıcısı və sədridir.