SON XƏBƏRLƏR

Daha öncə xəbər verdiyimiz kimi, Lənkəran şəhər bələdiyyə sədri Aygün Mirzəyevanın iki il əvvəl dünyasını dəyişən 1932-ci il təvəllüdlü Miriyeva Rəvayət Kərim qızının ölüm faktını gizlətməsi və mərhumun təqaüd kartına sahiblənməsi iddia olunurdu.

Məsələ ilə bağlı bələdiyyə sədri açıqlama verib: “Mən bu olaya çox təəccüblənirəm. Bizdə saxta arayış olmur. Qeyd edim ki, Suraxanı Rayon İcra Hakimiyyətinə ölənlər haqqında biz məlumat veririk. Necə olur ki, birinci arayışda məlumatı düz verdim, ikincidə səhv verdim? Özüm-özümü ilişdirməliyəm?

Şəxs 2021-ci ildə dünyasını dəyişib və bizim qeydiyyat kitabımızda da var. Bu barədə Lənkəran İcra Hakimiyyətinə də məlumat vermişik. Mənim işçim, kargüzar 3 aydır işə gəlib və arayışdakı texniki səhv onun olub. Həmin xanıma etdiyi səhvə görə şiddətli töhmət əmri vermişik. Həmin gün də məsələyə müdaxilə etmişəm və arayışın səhv olduğu barədə aidiyyəti qurumlara məlumat vermişəm”.

Aygün Mirzəyevanın sözlərinə görə, ölən şəxsin təqaüdünü iki il nəvəsi götürüb və xərcləyib. Bu məsələdən isə bələdiyyəyə arayış üçün müraciət edəndə xəbərləri olub:

“Nə mənim, nə də anamın bu məsələdə rolu var. Anam təqaüdçüdür və heç kimə sələm verməyib. Necə ola bilər ki, mən ölən şəxsin kartını anama verim? Barəmdə yayılanlar böhtan və şantajdır. Qadının bank kartı nəvəsində olub və təqaüdü də, özünün dediyinə görə, o çıxarıb.

Ailə məndən şikayətçi deyil və bir-birimizi tanımırıq. Prokurorluğa da bu barədə bildirib. Ümid edirəm, məsələ obyektiv araşdırılar və hər şey ortaya çıxar”.

Vəfat edən şəxsin nəvəsi də, həmçinin məsələ ilə bağlı açıqlama verib:

“Nənəm 2021-ci ildə dünyasını dəyişib. Pandemiya vaxtı olduğu üçün heç bir yer işləmirdi və kartı məndə qaldı. Evdən çıxa bilmirdik deyə ölüm kağızı da ala bilmədik. İki il nənəmin pensiyasını çıxarmışam. Amma bu dəqiqə də götürdüyüm pulları geri qaytarmağa hazıram. “Kapital Bank”dan olan kartı isə Lənkəran rayon prokurorluğuna təhvil vermişəm”.

Qeyd edək ki, Lənkəran şəhər sakini, 1932-ci il təvəllüdlü Rəvayət Miriyevanın dəfn olunma tarixinə dair saxta arayış verilməsi barədə vətəndaş müraciəti əsasında Lənkəran rayon prokurorluğunda araşdırma aparılır.

Mənbə: Bimiz.media