Lənkəran şəhər Heydər Əliyev Mərkəzində Zəfər Gününə həsr olunmuş “Zəfərin Mübarək, Azərbaycan” adlı ədəbi-bədii kompozisiyalı tədbir keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 8 noyabr tarixində verir.
Tədbir öncəsi foyedə Mərkəzin rəsm studiyasının uşaqlarının Zəfər Gününə həsr etdikləri rəsm əsərlərindən və məktəbəqədər təhsil müəssisələri tərəfindən hazırlanmış əl işlərindən ibarət sərgiyə baxış keçirilib.
Sonra tədbir Mərkəzin akt zalında davam edib.
Tədbirdə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müdrik siyasəti və şanlı ordumuzun rəşadəti sayəsində qazanılmış böyük Zəfərdən, eyni zamanda dinindən, milli mənsubiyyətindən asılı olmayaraq, xalqımızın “dəmir yumruq” ətrafında sıx birləşməsindən, gənclərimizin Vətən sevgisindən, iqtidar-xalq və ordu birliyi sayəsində əldə olunan böyük Zəfərdən danışılıb.
Digər çıxış edənlər: Milli Qəhrəman atası Hacı Ələkbər Əliyev, Lənkəran Dövlət Universitetinin prorektoru, şəhid Vüsal Kazımovun atası Kamran Kazımov, Lənkəran rayon Ağsaqqallar Şurasının sədr müavini Güloğlan Bağırov, Yeni Azərbaycan Partiyası Lənkəran rayon təşkilatının məsul işçisi Əliziya Ağayev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin 13 saylı filialının müdiri Ramin Hüccətov bildiriblər ki, Vətən müharibəsi dövründə hər bir vətəndaşımızın, həqiqətən, bir yumruq kimi eyni amal uğrunda birləşməsi bizi qalib ölkəyə çevirib.
Tədbirin sonunda 44 günlük Vətən müharibəsində igidlik göstərən qazilərimiz Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin fəxri fərmanları ilə təltif olunublar.
Tədbir məktəblilərin ifasında Zəfər Gününə həsr olunmuş ədəbi-bədii kompozisiya ilə davam edib.
Qeyd edək ki, tədbir Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı və Lənkəran-Astara Regional Təhsil İdarəsinin dəstəyi ilə baş tutub.