SON XƏBƏRLƏR

Lənkəran şəhər Cəfər Cabbarlı adına 1 nömrəli Uşaq Musiqi Məktəbində Prezidentin Sərəncamına uyğun olaraq, “Xan qızı-190” adlı tədbir təşkil edilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 12 noyabr tarixində Azertac-a istinadən verir.

Tədbirdə Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov, idarənin əməkdaşları, məktəbin müəllim və şagirdləri iştirak ediblər.

Tədbirdə əvvəlcə məktəbin şagirdləri tərəfindən Xurşidbanu Natəvanın şeirləri səsləndirilib və onun yaradıcılığına həsr olunmuş ədəbi-bədii kompozisiya təqdim olunub.

Sonra Xurşidbanu Natəvanın yaradıcılığı haqqında tədbir iştirakçılarına məlumat verilib, şairənin ədəbi yaradıcılığı, gördüyü xeyriyyə işləri ilə yadda qaldığı vurğulanıb. Bildirilib ki, “Xan qızı Natəvan” adı ilə məşhur olan maarifpərvər ədibimiz Qarabağın incisi Şuşa şəhərinin sayılıb-seçilən ziyalılarından biri olub. Xurşidbanu Natəvan zəngin mənəviyyatı, kübarlığı, əxlaqı, humanistliyi və xeyirxahlığı ilə insanların qəlbində böyük hörmət və ehtiram qazanıb.

Yekunda Xurşidbanu Natəvanın həyat və yaradıcılığı barədə geniş videoçarx nümayiş etdirilib.

Daha sonra tədbir iştirakçıları Lənkəran Uşaq Rəssamlıq Məktəbinin Xurşidbanu Natəvanın 190 illiyinə həsr olunan rəsm sərgisi ilə yaxından tanış olublar.