SON XƏBƏRLƏR

Lənkəranda “Vahid xalq, güclü dövlət və qalibiyyətli ordu” mövzusunda konfrans keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 15 oktyabr tarixində Lənkəran şəhər İcra Hakimiyyətinə istinadən verir.

Konfrans AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun, Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun və Lənkəran Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutub.

Lənkəran ŞİH-nin başçısının müavini Mikayıl Cəfərzadə giriş nitqi ilə çıxış edib. İcra başçısının müavini bildirib ki, Vətən müharibəsindən sonra Ermənistanın, eləcə də havadarlarının ölkəmizə qarşı təxribat xarakterli fəaliyyətləri davam edir və bu istiqamətdə “erməni kartı”ndan istifadə olunur.

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun icraçı direktoru, tarix elmləri doktoru Eynulla Mədətli “Dünya erməniliyinin Azərbaycan Respublikasına qarşı təxribatları və böyük güclərin erməni kartından istifadə etməsi” mövzusundakı məruzəsində tarixi xronologiya ilə ermənilərin ölkəmizə qarşı apardığı təxribatlar barədə müfəssəl məlumat verib.

Daha sonra müxtəlif istiqamətlər üzrə məruzələr dinlənilib. Məruzəçilər çıxışlarında Ermənistanla informasiya müharibəsinin davam etdiyini, döyüş meydanında qalib gələn xalq kimi bu istiqamətdə də yalnız “Dəmir Yumruq” ətrafında birləşərək eyni mövqedən çıxış etməklə zəfər qazanmağın mümkünlüyünü vurğulayıblar.