Daxili İşlər Nazirliyinin təşəbbüsü ilə Lənkəranda “Uşaqlar bizim gələcəyimizdir” mövzusunda regional konfrans keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 15 aprel tarixində verir.
DİN-in aidiyyəti əməkdaşları ilə yanaşı, Elm və Təhsil Nazirliyinin, Ailə Qadın və Uşaq Problemləri üzrə Komitənin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, yerli icra hakimiyyətləri orqanlarının nümayəndələrinin də iştirak etdiyi tədbirdə azyaşlıların sağlam mühitdə tərbiyə olunması, gələcəkdə cəmiyyətimizə layiqli vətəndaş kimi yetişməsi istiqamətində görülməli olan işlər müzakirə edilib.
Qeyd edilib ki, bu gün Daxili İşlər Nazirliyi digər aidiyyəti qurumlarla əlaqəli şəkildə məişətdə, ailədə, təlim-tərbiyə müəssisələrində yetkinlik yaşına çatmayanların hüquqlarının qorunması işini mövcud qanunvericilik, beynəlxalq normativ-hüquqi aktlar və mütərəqqi iş üsulları əsasında ən yaxşı formada həyata keçirir.
Çıxışlarda, həmçinin təhsildən yayındırılma, erkən nikahlar və zərərli vərdişlərə meyillilik kimi neqativ hallara qarşı mübarizəni daha səmərəli təşkil etmək üçün görülməli olan işlər sadalanıb. Bildirilib ki, gələcəyin xoşbəxt və sağlam cəmiyyət modelinə zərbə olan bu kimi neqativ hallara qarşı təkcə dövlət qurumları deyil, cəmiyyətin hər bir fərdi öz barışmaz mövqeyini nümayiş etdiməlidir.
Tədbir çərçivəsində müzakirə olunan mövzularla bağlı videoçarxlar nümayiş etdirilib, konkret misallarla hüquqi maarifləndirmə və təbliğat-təşviqat işinin gücləndirilməsinin vacibliyinə diqqət çəkilib, bir sıra təkliflər səsləndirilib.