Lənkəran Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi Lənkəran, Astara, Lerik rayonlarında Uşaq İncəsənət Festivalının birinci mərhələsi keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 21 aprel tarixində verir.
Lənkəran Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi Lənkəran, Astara və Lerik rayonları üzrə ümumilikdə 5 məntəqədə keçirilən festivalın üçüncü günündə üç yaş qrupu (6-9 yaş, 10-13 yaş və 14-17 yaş) üzrə aktyorluq, dekorativ tədbiqi sənət, rəssamlıq, bədii qiraət, solo milli rəqs və solo müasir rəqs nominasiyalarında mübarizə aparılıb.
Xatırladaq ki, peşəkar və həvəskar kateqoriyaları üzrə keçirilən festivalın birinci mərhələsi aprel-iyun aylarını əhatə edəcək. İkinci mərhələ iyun-avqust aylarında reallaşacaq. Bu mərhələnin qalibləri final mərhələsində iştirak hüququ əldə edəcəklər.
Final mərhələsi isə sentyabr ayında Bakıda keçiriləcək. Finalın yeri, tarixi və vaxtı festivalın rəsmi internet portalında, eləcə də kütləvi informasiya vasitələrində elan olunacaq.
Festivalın yekununda ən çox nominasiya üzrə iştirak etmiş və fəallıq göstərmiş şəhər və ya rayon növbəti il festivala ev sahibliyi etmək hüququ qazanacaq.
Sözügedən festivala Lənkərandan 400, Astaradan 101, Lerikdən 235 iştirakçı qatılıb.
Qeyd edək ki, festival ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilir.















