Lənkəranda şəraiti xoşagəlməz olan toyuq sexi aşkarlanıb. Bu haqda bu gün, 13 mart tarixində Cenublu.az AQTA-ya istinadən xəbər verir.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə daxil olan şikayət əsasında yoxlama keçirilib. Şəhərin Koroğlu küçəsində fəaliyyət göstərən fiziki şəxs Hüseynov Elşən Mirzə oğluna məxsus toyuq emalı sexində sanitariya-gigiyena normalarının tələblərinin pozulması faktı üzə çıxıb.
Yoxlamalar zamanı, həmçinin qida təhlükəsizliyi qeydiyyatına alınmadığı, temperatur rejiminə əməl edilmədiyi, etiketlənmə aparılmadan və baytarlıq-sanitariya ekspertizası keçirilmədən məhsulların satışının həyata keçirildiyi, həmçinin avtonom havalandırma sisteminin mövcud olmadığı, işçilərin tibbi müayinədən keçmədiyi və digər nöqsanlar aşkarlanıb.
Nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq, inzibati protokol tərtib edilib, məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilərək müəssisənin fəaliyyəti dayandırılıb.