Lənkəranda TIR-lərlə toy karvanı təşkil edən sürücülər saxlanılıblar. Bu haqda məlumatı Cenublu.az bu gün, 13 noyabr tarixində Qafqazinfo-ya istinadən verir.
Belə ki, rayonun Narbağı kəndində keçirilən toy məclislərinin birində bəyin atası və tanışlarının idarə etdikləri TIR-lərlə toy karvanı təşkil etmələrinin görüntüləri sosial şəbəkələrdə yayılıb.
Onların yük avtomobilləri ilə Lənkəran-Lerik yolunda digər nəqliyyat vasitələri üçün təhlükəli manevrlər etdikləri, yolda hərəkəti çətinləşdirdikləri bildirilib. Həmin nəqliyyat vasitələri yol polisi tərəfindən saxlanılaraq cərimə meydançasına aparılıb.
Məsələ ilə bağlı DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən dərhal həmin toy karvanında olan sözügedən nəqliyyat vasitələri və sürücülər müəyyən edilib: “Həmin nəqliyyat vasitələrinin sürücüləri Lənkəran ŞRPŞ-yə dəvət ediliblər və hər biri barəsində qanunvericiliyə uyğun inzibati tənbeh tədbiri görülüb”.