Lənkəranda “Tikdim ki, izim qala” adlı sosial layihəyə start verilib. Bu haqda bu gün, 23 dekabr tarixində Cenublu.az Lənkəran Dövlət Peşə Liseyinə istinadən xəbər verir.
Layihə çərçivəsində təmir və bərpaya ehtiyacı olan əşya və avadanlıqlar təmir edilib, sosial həssas və aztəminatlı ailə üzvlərinə təqdim olunacaq.
Tədbir Lənkəran-Astara Regional Təhsil İdarəsi, Lənkəran Şəhər İcra Hakimiyyəti, Lənkəran Dövlət Peşə Liseyi və “Peşə Təmayüllü Siniflər”in birgə əməkdaşlığı ilə təşkil olunur.
Lənkəran-Astara Regional Təhsil İdarəsinin təqdim etdiyi əşya və avadanlıqlar Lənkəran Peşə Liseyinin və “Peşə Təmayüllü Siniflər” Layihəsinin Lənkəran Şəhər 7 nömrəli orta məktəbinin, Astara Rayonu Vaqo kənd orta məktəbinin, Astara Şəhəri 5 nömrəli orta məktəbinin, Lənkəran Rayonu Haftoni qəsəbə orta məktəbinin, Lənkəran Şəhəri 2 nömrəli orta məktəbinin, Lənkəran Rayonu Viravul kənd 2 nömrəli orta məktəbinin dərzi köməkçisi və mebel ustası köməkçisi ixtisasları üzrə təhsil alan tələbə və şagirdləri tərəfindən təmir olunub.
Təmir olunmuş əşya və avadanlıqların davamlı olaraq Lənkəran Şəhər İcra Hakimiyyətinin təqdim etdiyi siyahı əsasında qeyd edilən ailələrə çatdırılması nəzərdə tutulub.