SON XƏBƏRLƏR

“Azərbaycanın cənub bölgəsində təhlükəsiz analıq: ana ölümünün sıfıra endirilməsinə doğru” layihəsinin icra olunması məqsədilə BMT-nin Əhali Fondunun, TƏBİB-in Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun əməkdaşlarının Lənkərana səfəri baş tutub. Bu haqda məlumatı Cenublu.az bu gün, 29 noyabr tarixində TƏBİB-ə istinadən verir.

Layihə çərçivəsində Lənkəran Perinatal Mərkəzinin Doğum şöbəsinə, Lənkəran rayonu 1 və 2 saylı Ailə Sağlamlıq Mərkəzinə, Lənkəran Rayon Mərkəzi Xəstəxanasında yerləşən Ginekoloji kabinetə işçi qrup tərəfindən baxış keçirilib.

Layihə üzrə Lənkəran Perinatal Mərkəzin akt zalında “Aseptika və antiseptika qaydaları: xəstəxanadaxili infeksiyalar”, “Erkən nikahlar”, “Cinsi yolla yoluxan xəstəliklər”, “Abort və düşük: medikamentoz abort və abortdan sonra qulluq”, “Hamiləlik zamanı rezus izoimmunizasiya”, “Müasir kontrasepsiya üsulları, seçim qaydası və qorunma dərəcəsi” mövzularında mühazirələr oxunub.

Eyni zamanda BMT-nin Əhali Fondu tərəfindən uşaqlıq boynu xərçənginin skrininqinin aparılması məqsədilə uşaqlıq boynunun müayinəsində istifadə olunacaq ləvazimat və dərman vasitələri tibb müəssisəsinə hədiyyə edilib.

Tədbirin sonunda iştirakçılarla müzakirələr aparılıb, onların sualları cavablandırılıb.

Qeyd edək ki, tədbir BMT-nin Əhali Fondunun təşəbbüsü ilə Azərbaycanda ailə planlaması institutlarının təkmilləşdirilməsi və əhalinin reproduktiv sağlamlığının qorunması məqsədilə keçirilib.