Lənkəran Dövlət Dram Teatrında şair Ziyafət Yəhyanın 70 illik yubileyi qeyd olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 22 may tarixində verir.
Əkbərov Ziyafət Yəhya oğlu 1952-ci ildə Lənkəranda müəllim ailəsində anadan olub. Əmək fəaliyyətinə Lənkəran Konserv Zavodunun istehsalat sexində usta kimi başlayıb. 1988-ci ildən bu yana isə əhaliyə taksi sürücüsü kimi xidmət göstərir.
Ziyafət Əkbərovu digər taksi sürücülərindən fərqləndirən cəhəti onun həm də şair olmasıdır. Şeir yazmağa orta məktəbdə oxuyan zamandan başlayan şairin şeirləri ötən əsrin 80-ci illərində “Azərbaycan”, “Ulduz”, “Söz” və “Məşəl” jurnallarında dərc edilib. Şair 1992-ci ildə Lənkəranda fəaliyyəti bərpa olunan “Fövcül-Füsəha” ədəbi məclisinin üzvüdür. 1995-ci ildə Lənkəran Televiziyası şair Ziyafət haqqında “Sinəmdə bitdi hicranım” adlı ədəbi-sənədli televiziya filmi çəkib.
Ziyafət Yəhya 1998-ci ildə Lənkəran Uşaq Yaradılıcıq Mərkəzində öz şəxsi təşəbbüsü və rəhbərliyi ilə “Ziya” ədəbi məclisini yaradaraq orta məktəb şagirdləri və gənclərdən ibarət bu məclisə 10 il ərzində rəhbərlik edib. Məclisi yaratmaqda əsas məqsədi orta məktəb şagirdləri arasında şairlik bacarığı olan uşaqlara ədəbiyyat nəzəriyyəsi və nəzm janrının incəliklərini öyrətmək idi. Ziyafətin yazdığı şeirlərə mahnılar da bəstələnib və Könül Kərimova, Əhməd Kərimov, Cavad Rəcəbov, həmçinin başqa müğənnilər tərəfindən ifa edilib. Şairin yazdığı “Sönmüş ocaq” və “Mən özüməm” adlı pyesləri səhnələşdirilmək üçün Lənkəran Dövlət Dram Teatrına təqdim edilib. Şair Ziyafət Yəhyanın 1997-ci ildə Bakıda “Şuşa” nəşriyyatında “İtkin düşən harayım” adlı kitabı nəşr edilib.
Şair 2012-ci ildə Lənkəranda “İlin adamı” elan edilib, 2013-cü ildə isə şairin 60 illik yubileyi dövlət səviyyəsində Lənkəran Dövlət Dram Teatrında qeyd edilib. Lənkəranın həm taksi sürücüsü, həm də şairi olan Ziyafət Əkbərov Azərbaycan Yazıçılar Birliyinin üzvü və Prezident mükafatçısıdır.
