SON XƏBƏRLƏR

“Gənclər həftəsi” çərçivəsində gənclərin fərdi inkişafı üçün növbəti tədbir

təşkil olunub. Bu haqda bu gün, 3 fevral tarixində Cenublu.az Lənkəran şəhər Gənclər və İdman İdarəsinə istinadən xəbər verir.

Tədbir Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə Lənkəran şəhər 4 nömrəli humanitar təmayüllü məktəb-liseyində baş tutub.

Tədbirdə şagirdlər məktəbin direktoru Səadət Kazımova, Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin nəzdində UGİM-in ağır atletika üzrə baş məşqçi Məmməd Məmmədov, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin rəis müavini Anar Həbibzadə və polis inspektorları çıxışlarında 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə təbrik ediliblər. Daha sonra ulu öndər Heydər Əliyevin Gənclər Gününü təsis etməsindən, sağlam həyat tərzinin təbliği və narkomaniyanın əsrin bəlası olmasından, bu xəstəlikdən qorunma tədbirlərindən, zərərli vərdişlərdən, erkən nikah və fəsadlarından bəhs edilib.

Şagirdlərin asudə vaxtlarının səmərəliliyi üçün onlar Gənclər və İdman İdarəsində könüllülük fəaliyyətinə, müxtəlif məşğələlərə, elmi-praktiki konfranslara, müsabiqələrə, tədris-təlim proqramlarına, idman məşqlərinə, kütləvi idman tədbirlərdə iştirak etməyə dəvət ediliblər. Tədbirdə videoçarxlar nümayiş olunub.

Sonda şagirdlərin iştirakı ilə mövzu ətrafında müzakirələr aparılıb, şagirdlərə zərərli vərdişlərdən uzaq olmaq və idmanla məşğul olmaq tövsiyə edilib.

Tədbirdə 150 şagird iştirak edib.