SON XƏBƏRLƏR

Lənkəran şəhər Mədəniyyət Mərkəzində qocaman rəssam Nəcəf Məmmədovun 72 illiyi münasibətilə fərdi yaradıcılıq sərgisi təşkil olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 16 noyabr tarixində verir.

Giriş sözü ilə çıxış edən Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov görkəmli rəssamın həyat və yaradıcılığı haqqında geniş məlumat verib. O, sərgidə nümayiş etdirilən əsərlərin Azərbaycanın zəngin tarixini, mədəniyyətini, eyni zamanda, Lerik rayonunun təbiətini təcəssüm etdirdiyini bildirib və rəssama yaradıcılıq uğurları arzulayıb.

İdarənin rəisi Ş.Şahbazov rəssamlıq sahəsindəki uzunmüddətli səmərəli fəaliyyətinə görə Nəcəf Məmmədovu təltif edib.

Tədbirdə rəssam Nəcəf Məmmədov çıxış edərək öz təəssuratlarını bölüşüb, görülən peşəkar işlərdən məmnunluğunu ifadə edərək, incəsənət ustalarına göstərilən diqqətə və qayğıya görə təşəkkürünü bilidirib.

Sonra iştirakçılar görkəmli sənətkarın təbiət mənzərələri, portretlər, dekorativ kompozisiyalardan ibarət 50-dən çox rəsm əsərlərinə baxış keçiriblər.

Qeyd edək ki, Nəcəf Məmmədov Beynəlxalq Virtual Sərgilərdə iştirak edərək Amerikada, Almaniyada, Misirdə, Ərəb Liqasında birinci yerə layiq görülüb.

Sərgi 18 noyabradək davam edəcək və giriş sərbəstdir.