Lənkəranda ovçularla polis arasında toqquşma baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 27 yanvar tarixində verir.
Hadisə Qızılağac Milli Parkının ərazisində qeydə alınıb. Belə ki, qanunsuz ovçuluqla məşğul olmaq üçün əraziyə gələn Masallı rayonunun Təzəkənd kəndinin sakinləri polisdən xəbərdarlıq alıblar. Lakin xəbərdarlığa məhəl qoymayan ovçular bir neçə gün sonra yenidən ov etmək üçün əraziyə gəliblər və nəticədə onlarla polislər arasında toqquşma olub. Xəsarət alanların olduğu söylənilir.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi, polkovnik-leytenant Elşad Hacıyev bildirib ki, tərəflər arasında münaqişə nəticəsində xəsarət alanların olması ilə bağlı iddialar əsassızdır.
“Qızılağac Milli Parkında qanunsuz ovçuluqla bağlı polisə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən ərazidə ovçuluqla bağlı müəyyən olunan qayda və tələblər diqqətə çatdırılmaqla izahat işi aparılıb. Hazırda park inzibatçılarından daxil olan müraciət üzrə ərazi üzrə polis orqanında araşdırmalar davam etdirilir”, – deyə o əlavə edib.