SON XƏBƏRLƏR

Lənkəranda şagirdlərin gələcəyi üçün ümid yeri olan məktəb istifadəyə yararsız haldadır. Bu haqda bu gün, 24 noyabr tarixində Cenublu.az ATV-yə istinadən xəbər verir.

Söhbət şəhid Vasif Həsənov adına Liman şəhər 2 nömrəli tam orta məktəbdən gedir. Tikili 1930-cu ildən sovxoz kimi istifadəyə verilsə də, 1964-cü ildən məktəb kimi fəaliyyət göstərir. 3 korpusdan ibarət olan məktəb binası o vaxtdan indiyə kimi 1 dəfə də olsun, əsaslı təmir olunmayıb. Üstəlik məktəbin istilik sistemi də yoxdur. Indiki dövrdə sinif otaqları odunla qızdırılır və şagirdlər tüstü dumanı içində təhsil almağa məcburdurlar.

Məktəb 250 yerlik olsa da, hazırda burada 309 şagird təhsil alır. Dərslər isə 2 növbədə keçirilir. Belə köhnə və soyuq məktəbdə isə məktəbli formasından heç danışmağa da dəyməz. Uşaqlar yalnız odun hesabına isinə bilirlər.

Məktəbin direktoru Ramiz Məmmədov: Məktəbə odun daxil olan gündən məktəbin bütün otaqları qızdırılır. Odun cəhətdən heç bir problemimiz yoxdur. Sobalarımız qurulub. Təhlükəsizlik tədbirləri də aparılmışdır. Ancaq məktəbimizin şəraitində bir qədər problemimiz var. Belə ki, məktəbin döşəməsində çürümə gedir. Məktəbin akt zalı yoxdur, idman zalı yoxdur  və bu barədə Lənkəran-Astara regional təhsil idarəsinə məlumat verilib”.

Lənkəran-Astara regional təhsil idarəsindən isə bildirildi ki, məktəbin vəziyyəti ilə bağlı məlumatları var və şəhid Vasif Həsənov adına Liman şəhər 2 nömrəli tam orta məktəbin cari təmiri 2023-cü ilin tədbirlər planına salınıb.