SON XƏBƏRLƏR

İki ay öncə Lənkəranda intihar edən məşhur stomatoloq Müşfiq Bağırovun ölümündən öncə yazdığı məktub üzə çıxıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 1 noyabr tarixində Qafqazinfo.az-a istinadən verir.

Jurnalist Anar Məmmədovun verdiyi məlumata görə, üç səhifədən ibarət məktubda mərhum stomatoloq ölümündə tanışını günahlandırır:

“Məni buna İbrahim (Teymurov) vadar etdi. Mən ancaq onun üçün işləyirdim. Moskvadan 980.000 manat pul vuruldu. Pullar İbrahimə çatdı. O isə pulları mənə çatdırmadı ki, camaata qaytarım. 320 min manat Aqşinə, 680 min manat isə Sadirə çatmalı idi. O, məni hədələyirdi. Evlərimi əlimdən almaq istəyirdi”, – məktubda bildirilir. Sonda ailə üzvlərinə vəsiyyət edən həkim intiharına görə anasından üzr istəyib.

Məlumat üçün bildirək ki, bir müddət əvvəl M.Bağırovun ailəsi açıqlama verərək onun təhdid edildiyini, onun boynuna külli miqdarda pul qoyulduğunu və həmin vəsaiti ödəməyə məcbur edildiyini bildirmişdir.

Qeyd edək ki, Müşfiq Bağırov Lənkəran rayonunun Xolmilli kəndindən idi. O, tanınmış həkim ailəsinin övladı olub. Onun atası Zaman Bağırov da uzun illərdir ki, rayonda tibb sahəsində fəaliyyət göstərir.

Müşfiq Bağırovun ölümü ilə bağlı Cinayət Məcəlləsinin 125-ci maddəsi – özünü öldürmə həddinə çatdırma ilə istintaq davam edir.