Lənkəranda ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunan konfrans keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 8 fevral tarixində Lənkəran şəhər İcra Hakimiyyətinə istinadən verir.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, millət vəkilləri Cavanşir Paşazadə, Rüfət Quliyev, veteran YAP üzvü İbrahim Quliyev, YAP rayon təşkilatının sədri İqbal Əmənullayev və bir qrup YAP fəalı tədbirdən öncə ulu öndərin şəhərin mərkəzi meydanında ucaldılan abidəsini ziyarət ediblər. Heydər Əliyev Mərkəzində baş tutan konfransda öncə ümummilli liderin fəaliyyəti ilə bağlı videoçarx nümayiş etdirilib.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov bir əsrdə iki dəfə müstəqillik əldə edən Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılmasında dahi şəxsiyyətin əvəzedilməz fəaliyyəti barədə danışıb. İcra başçısı ulu öndərin ölkəyə rəhbərlik etdiyi dövrdə Lənkəran rayonunun inkişafı üçün gördüyü işlərin qısa xronologiyasını verib, Lənkəran camaatının Heydər Əliyevin siyasətinə sadiqlik nümayiş etdirdikləri, separatçı ünsürlərə qarşı qəhrəmancasına mübarizəsi barədə geniş danışıb.
YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev çıxışında Heydər Əliyevin siyasi kursunun həyata keçirilməsində fəaliyyəti və YAP-ın gördüyü işlər barədə məruzə edib.
Millət vəkilləri Cavanşir Paşazadə, Rüfət Quliyev, veteran YAP üzvü İbrahim Quliyev və digərləri çıxışlarında dahi şəxsiyyətlə bağlı xatirələrini, onun dövlət və dövlətçilik, təhsil və gənclər siyasəti ilə bağlı fəaliyyəti barədə fikirlərini paylaşıblar.
Sonda bir qrup YAP üzvünə fəxri fərmanlar verilib və yeni üzvlərə üzvlük vəsiqələri təqdim olunub.