Lənkəran teatrının truppası 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə hərbçilər qarşısında çıxış edib. Bu haqda məlumatı Cenublu.az Lənkəran Dövlət Dram Teatrına istinadən bu gün, 24 iyun tarixində verir.
Teatr kollektivi rayon ərazisində yerləşən Sərhəd Dəstəsində “Haqqın 44 günü” tamaşası ilə çıxış edib.
Tamaşadan öncə teatrın baş inzibatçısı, YAP teatr ərazi təşkilatının sədri Namiq Ağayev Sərhəd Dəstəsinin əsgər və zabitləri qarşısında çıxış edərək onları 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib, çətin və şərəfli işlərində uğurlar arzulayıb.
Çıxışlardan sonra tamaşanın nümayişi baş tutub.
Müharibələrin xalqların taleyində, gündəlik həyat və məişətində yaratdığı çətinliklərdən, ağrı-acılardan bəhs edən tamaşada müzəffər ordumuzun yüksək əhvali-ruhiyyəsi ilə 30 ilə yaxın müddətdə işğal altında qalmış torpaqlarımızın cəmi 44 günə düşmən tapdağından xilas edilməsi təsirli səhnələrlə təsvir olunub.
Əsas rolları gənc aktyorlar Sayad Əliyev, Emil Rzayev, Gülər Kərimova, Şəbnəm Hüseynova, Aysel Cahangirova, Amil İbrahimli, Teymur Hacızadə və Günel Abbaszadə ifa ediblər.
