Lənkəran Şəhər Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə 4 nömrəli humanitar təmayüllü məktəb-liseydə “Gəncliyimizi narkomaniyadan qoruyaq!” mövzusunda maarifləndirici görüş təşkil olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 4 fevral tarixində verir.
Çıxış edən Lənkəran ŞRPŞ-nin əməkdaşları bildiriblər ki, hazırda bəşəriyyəti düşündürən və narahat edən ən ağrılı problemlərdən biri narkomaniyadır. Yeniyetmə və gənclərin gələcəkdə bu zərərli vərdişə qurşanmaması, fiziki və mənəvi cəhətdən sağlam yetişmələri üçün vaxtaşırı olaraq kollektivlərlə bu cür maarifləndirici görüşlər keçirilir, “ağ ölüm”ün səbəb olduğu dəhşətli nəticələr, ölkəmizdə bu ağır bəlaya qarşı aparılan mübarizə haqqında məlumat verilib.
Çıxışlarda bir daha diqqətə çatdırılıb ki, gələcəkdə xalqı, vətəni üçün gərəkli övlad olmaq istəyən bu günün gənci ilk növbədə zərərli vərdişlərdən, o cümlədən narkomaniyadan uzaq olmalıdır.