Lənkəranda “Erkən nikah və fəsadları” adlı maarifləndirici tədbir keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 16 dekabr tarixində Lənkəran Şəhər Gənclər və İdman İdarəsinə istinadən verir.
40-dək məktəblinin iştirak etdiyi tədbir Ürgə kənd T.Zamanov adına tam orta məktəbdə baş tutub.
Çıxış edən Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin əməkdaşları Yusif Xamiyev, Elnurə Qəniyeva bildiriblər ki, erkən nikahın mənfi nəticələri aktual ailə problemlərindəndir. Gələcək nəsillərin sağlamlıq vəziyyəti yeniyetmə qızların – gələcək anaların sağlamlıq vəziyyətlərindən birbaşa asılıdır. Erkən nikahlar ana və uşaq ölümlərinə səbəb olur. Bunun qarşısının alınması üçün ilk növbədə məktəblərdə maarifləndirilmə işi aparılmalıdır. Qızlar təhsilə və idmana cəlb olunmalıdırlar.
Daha sonra idarənin könüllüsü Jalə Şahmarova mövzu ilə əlaqədar hazırladığı təqdimatı məktəblilərə təqdim edərək erkən nikahların gənc qızlarda yaratdığı fiziki və psixoloji fəsadlardan danışıb.
Sonda məktəblilərə erkən nikaha və qızların idmana cəlb olunmasına həsr olunmuş videoçarx nümayiş olunub.
Qeyd edək ki, tədbir Lənkəran Şəhər Gənclər və İdman İdarəsi və Lənkəran-Astara Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə baş tutub.
