SON XƏBƏRLƏR

Lənkəran çayının yığımına bir neçə gündür ki, başlanılıb. Havalar da çay yığımı üçün çox əlverilişlidir. Belə ki, havaların yağıntılı keçməsi bol məhsula zəmin yaradıb.

Lənkəranın ən böyük çayçılıq təsərrüfatı Osakücə kəndində yerləşir. 50 hektarda salınan plantasiyanın 34 hektarı məhsuldardır. Artıq 3 ildir ki, burada çay yarpağı yığılır. Yazda havalar yağıntılı keçdiyindən məhsul boldur.

5 il əvvəl salınan bu çay plantasiyası tam fəaliyyətə düşəndə indikindən 2-3 dəfə çox yarpaq yığmaq mümkün olacaq. Bu da 2-3 il sonraya təsadüf edəcək.

Xanımlar yığdıqları çayı kisələrdə gətirib tərəzidə çəkirlər və gün ərzində yığılan çaya görə əməkhaqqı alırlar. Çay yarpağının hər kiloqramı 60 qəpiyə qəbul edilir. Yəni bir neçə gündə 25-30 manata qədər qazanırlar. Bu da onları qane edir.

Amma böyük çayçılıq təsərrüfatlarından fərqli olaraq, kiçiklərdə vəziyyət yaxşı deyil. Ağır budama işləri aparılan sahələrdə bol məhsul var, amma fermerlərin bir çox çətinlikləri da var: gübrələrin baha olması, işçi qüvvəsinin yüksək qiymətə işləməsi fermerə sərf eləmir.

Fermerlərin üzləşdikləri çətinliyə görə son 3-4 ildə Lənkəranda çay plantasiyalarının sahəsi 200 hektar azalaraq 552 hektara düşüb.

Əsas çətinliklərdən biri Lənkəranda çay emal müəssisələrinin olmamasıdır. Vaxtı ilə rayonda 5 belə müəssisə fəaliyyət göstərib. İndi onların heç biri yoxdur. Yalnız 2-3 özəl emal müəssisəsi işləyir.