SON XƏBƏRLƏR

Lənkəranda bələdiyyə sədrinin oğulları ilə birgə meşədən qanunsuz ağac kəsib, daşıdıqları iddia olunur. Bu haqda məlumatı Cenublu.az bu gün, 17 dekabr tarixində Qafqazinfo.az-a istinadən verir.

Belə ki, Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin ərazisində Lənkəran rayon Köhnəgəgir kənd sakinləri – Lənkəran rayon Gəgiran Bələdiyyəsinin sədri İdris Novruzov, onun oğlu Aqil Novruzov, digər oğlu və eyni zamanda meşənin gözətçisi Nizami Novruzov və qardaşı oğlu Vüsal Novruzov qanunsuz kəsilmiş meşə materiallarını daşıtdırmağa çalışıblar.

İdris Novruzov və Nizami Novruzovun himayəsi ilə qanunsuz kəsilmiş meşə materialını (parket üçün material) daşıyan maşın ərazidən çıxarılarkən polis tərəfindən saxlanılıb. Qanunsuz ağackəsmədə şübhəli bilinən şəxslər polis bölməsinə gətirilib, ilkin ifadələri alınandan sonra sərbəst buraxılıblar.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, faktla bağlı araşdırma başlanılıb:

“Lənkəran Şəhər RPŞ-nin əməkdaşları tərəfindən yük yerində meşə materialı olan Lənkəran rayon sakini Aqil Novruzovun idarə etdiyi “Qaz-66” markalı yük maşını rayonun Gəgiran kəndi ərazisində saxlanılıb. Həmin nəqliyyat vasitəsi yüklə birlikdə şöbənin duracağına gətirilib. Hazırda faktla bağlı araşdırma aparılır”.

Qeyd edək ki, sözügedən qohumlar bir neçə il öncə də meşədə qadağan olunan ərazidə qanunsuz ağaclar kəsən zaman Lerik Meşə Təsərrüfatı İdarəsinin əməkdaşları ilə münaqişə yaşamışdı. Onlar idarə rəisi və bir neçə əməkdaşa həyat üçün təhlükəli ağır bədən xəsarətləri yetirmiş, hadisə ilə bağlı cinayət işi başlanmışdı. Sözügedən dəstə üzvləri barələrində həbs qətimkan tədbiri seçilsə də, onlar məhkəmə tərəfindən azadlığa buraxılmışdı.