Lənkəran rayonunda kişiyə qadın paltarı geyindirən və onu ictimai yerlərdə nümayiş etdirən ata və iki oğlunun məhkəməsi sona çatıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 20 aprel tarixində Qafqazinfo-ya istinadən verir.
Belə ki, 54 yaşlı V.Məmmədli (bütün ad və soyadlar şərtidir), onun 26 və 25 yaşlı iki oğlu Cinayət Məcəlləsinin 145-ci və 221-ci (Qanunsuz azadlıqdan məhrumetmə və xuliqanlıq) maddələri ilə təqsirləndiriliblər.
Araşdırmalar zamanı məlum olub ki, ötən ilin avqustunda 25 yaşlı oğlana kənddə yaşayan subay bibisinin həmkəndlisi olan Mirzə adlı şəxslə görüntülərindən ibarət video göndərilib. O, məsələ ilə bağlı atasını və qardaşını məlumatlandırıb.
Kənddə xeyli insanın bu məsələdən xəbərdar olduğunu görən V.Məmmədli oğulları ilə birgə bacısı ilə münasibəti olan şəxsi cəzalandırmaq qərarına gəlib. V.Məmmədli bacısını həmin şəxsin yaşadığı evə göndərərək onu küçəyə çağırtdırıb, özü və oğulları isə kənarda pusquda dayanıb. Mirzə qadının çağırışı ilə küçəyə çıxdıqda onlar “Toyota” markalı avtomobillə qəfil hərəkət edərək onu yaxalayıblar və zorla maşına mindiriblər. Avtomobili kənddən kənardakı çayın sahilinə sürdükdən sonra ata və iki oğlu Mirzəni düşürərək döyüblər, ona qadın ətəyi və qadın köynəyi geyindiriblər və onu kənddəki bir neçə çayxanaya apararaq şəxsiyyətini alçaldıblar.
Lənkəran Rayon Məhkəməsində keçirilən prosesdə Mirzə Abbasov ona qarşı təhqiredici hərəkətlər etmiş şəxslərlə barışdığını, onlara qarşı şikayətinin olmadığını və həmin şəxslərə yüngül cəzanın verilməsini xahiş edib.
Məhkəmə prosesi bir neçə gün əvvəl başa çatıb. Ata və oğullarının hər biri 1 il sınaq müddəti təyin edilməklə, 3 il müddətinə şərti cəzaya məhkum ediliblər.