SON XƏBƏRLƏR

Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə tələbələr üçün əmək yarmarkası təşkil olunub. Bu haqda bu gün, 26 may tarixində Cenublu.az LDU-ya istinadən xəbər verir.

Lənkəran Olimpiya İdman Kompleksində təşkil olunan əmək yarmarkasında Lənkəran-Astara iqtisadi rayonunda fəaliyyət göstərən 31 idarə, müəssisə, təşkilat və fərdi sahibkar iştirak edib. Lənkəran Dövlət Universitetinin yarmarkaya qatılan məzunları təqdim edilən 900-dən çox vakansiya ilə tanış olmaq imkanı əldə ediblər. Vakansiyalara müraciət edən məzunların anket məlumatları (CV forması) qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlər növbəti mərhələyə dəvət olunublar.

Tədbirin əsas məqsədi tələbə-məzunlara aldıqları ixtisaslar üzrə əmək bazarında olan tələbat haqqında məlumat vermək, işəgötürənlərlə onların bilavasitə qarşılıqlı ünsiyyətini təşkil etmək və bununla da işəgötürənlərin qısa vaxt ərzində müasir tələblərə cavab verən ixtisaslı kadrların seçiminin aparılmasına imkan yaratmaq olub.

Əmək yarmarkasında rayon İcra Hakimiyyətinin rəsmiləri, LDU-nun builki və ötənilki məzunları, Dövlət Məşğulluq Agentliyinin Lənkəran-Astara Regional Məşğulluq filialının əməkdaşları, işəgötürən sifarişçi təşkilatların təmsilçiləri iştirak ediblər.

Xatırladaq ki, bu il Lənkəran Dövlət Universitetini bakalavr və magistratura səviyyələri üzrə 900-ə yaxın tələbə bitirir.