Lənkəranda Əhməd Cavadın 130 illiyi münasibətilə tədbir keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 29 noyabr tarixində Lənkəran şəhər Mədəniyyət mərkəzinə istinadən verir.
Göyşaban kənd yaradıcılıq evinin və M.F.Səhban adına Göyşaban kənd tam orta məktəbinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov, idarənin və tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin əməkdaşları, məktəbin müəllim və şagirdləri iştirak ediblər.
İdarənin rəisi Ş.Şahbazov Azərbaycan dövlətçiliyi və ədəbiyyatı tarixində milli istiqlal şairi kimi tanınan Ə.Cavadın yüksək vətənpərvərlik qayəsindən, xalqa, dövlətçiliyimizə sədaqətindən qürur hissi ilə geniş məruzə edib.
Sonra Lənkəran şəhər Mədəniyyət Mərkəzinin direktoru Anar Kəkəyev və Göyşaban kənd orta məktəbinin direktoru Münasib Nuriyev öz çıxışlarında Əhməd Cavadın Azərbaycan ədəbi-bədii fikir tarixində istiqlal şairi kimi özünəməxsus dəst-xətti ilə seçilən, müstəqil mövqeyə malik türk xalqının böyük şairi olduğunu bildiriblər.
Daha sonra Göyşaban yaradıcılıq evinin dərnək üzvlərinin və məktəbin şagirdlərinin hazırladığı bədii hissə tədbir iştirakçılarına təqdim olunub.
Təqdimatda Ə.Cavadın şeirləri oxunub, həmçinin Azərbaycan və qardaş Türkiyənin milli rəqsləri nümayiş olunub, mahnıları səsləndirilib, bədii-sənədli tamaşa təqdim olunub.
Görkəmli şairin həyat və yaradıcılığından bəhs edilən filmlə tədbir başa çatıb.