Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə “Açıq kitabxana” adlı oxu günü təşkil olunub. Bu haqda bu gün, 26 aprel tarixində Cenublu.az Lənkəran-Astara Regional Təhsil İdarəsinə istinadən xəbər verir.
Tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri və əməkdaşları, Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin direktoru, ümumi təhsil müəssisələrinin rəhbərləri, müəllim və şagirdlər iştirak ediblər.
Oxu günü uşaq və gənclərin elmə, təhsilə, eyni zamanda kitaba marağının artırılması, onların dünyagörüşünün inkişaf etdirilməsi məqsədi daşıyır.
Lənkəran şəhər Heydər Əliyev adına Mərkəzi Parkda açıq havada təşkil olunan tədbirdə kitabların müzakirəsi, kitablarla fləş-mob, məktəblilərin intellektual səviyyəsini yoxlamaq üçün ümumi dünyagörüşü, bədii ədəbiyyat sahəsini əhatə edən viktorinalar və Lənkəran rayon ümumtəhsil müəssisələri tərəfindən kitab sərgisi keçirilib.