SON XƏBƏRLƏR

Lənkəranda dövlət əmlakının mənimsənilməsi faktı ilə bağlı cinayət işi başlanıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 20 aprel tarixində verir.

Lənkəran rayon prokurorluğundan verilən məlumata əsasən, Lənkəran şəhər sakini, 1932-ci il təvəllüdlü Rəvayət Miriyevanın dəfn olunma tarixinə dair saxta arayışın verilməsi barədə müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

İlkin araşdırma zamanı Lənkəran şəhər sakini Niyaz Miriyevin 2021-ci ildə vəfat etmiş nənəsi Rəvayət Miriyevanın 6674 manat məbləğində təqaüdünü özündə saxlayaraq bank kartı vasitəsilə çıxarmasına, bu əməlini gizlətmək üçün mərhumun dəfn olunma tarixi barədə Lənkəran bələdiyyəsi tərəfindən verilən saxta arayışdan istifadə edərək ölüm haqqında şəhadətnamə almasına əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Lənkəran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə), 313 (vəzifə saxtakarlığı) və 320.2-ci (rəsmi sənədləri, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya istifadə etmə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda ibtidai istintaq davam etdirilir.

Qeyd edək ki, bir müddət öncə Lənkəran şəhər bələdiyyə sədri Aygün Mirzəyevanın anası Sevil Mirzəyevanın mərhumun nəvəsi Sadıqova Rəksanəyə uzun müddət imiş sələmə pul verməsi, sonuncunun borcunu qaytara bilməməsi səbəbindən isə mərhum nənəsinin bank kartını mənimsəməsi barəsində, həmçinin Lənkəran şəhər bələdiyyə sədri Aygün Mirzəyevanın saxta ölüm arayışı verməklə bu əməli ört-basdır etməsi barəsində xəbərlər yayılmışdı.