SON XƏBƏRLƏR

Lənkəran Rayon Mərkəzi Xəstəxanasında (Lənkəran RMX) icbari tibbi sığorta çərçivəsində 18 yaşadək uşaqlar arasında tibbi müayinə keçirilib. Bu haqda bu gün, 12 may tarixində Cenublu.az Apa.az-a istinadən xəbər verir.

Müayinədə əksəriyyəti Lənkəran rayonundan olmaqla Lerik və Astara rayonlarından olan 150 nəfər azyaşlı sakin iştirak edib. Funksional diaqnostik müayinələrdən sonra ixtisaslı həkimlər tərəfindən 4 nəfər dəqiqləşdirilmiş virus qızdırması ilə stasionar yatış üçün Respublika Uşaq Klinik Xəstəxanasına göndərilib. Kardioloji müayinə zamanı 6 uşağın ürəyində qüsurlar aşkarlanıb. Onlardan ikisi əməliyyata göstərişin olub-olmamasını dəqiqləşdirmək üçün əlavə müayinələr üçün Bakıya dəvət olunub.

Yüngül ürək qüsuru olan 3 nəfərin isə mütəmadi həkim nəzarəti altında qalması tövsiyə olunub. Həmçinin qasıq yırtığı diaqnozu qoyulan iki aylıq uşağa əməliyyat təyin olunub, 2 uşağa otorinolarinqoloq və nevroloqun müayinəsi tövsiyə olunub.

Bundan başqa, medikamentoz müalicəyə ehtiyacı olan 50-yə yaxın uşağa reseptlər yazılıb. Valideynlərə uşaqların sağlam inkişafı üçün vacib olan məsləhətlər verilib, immunoprofilaktika tədbirlərinin xəstəliklərin fəsadlarının aradan qaldırılması baxımından əhəmiyyəti izah olunub.