SON XƏBƏRLƏR

Lənkəranda iki əsrə şahidlik edən məktəb qəzalı vəziyyətdədir. Bu haqda bu gün, 14 dekabr tarixində Cenublu.az APA.az-a istinadən xəbər verir.

Sözügedən məktəb binası Qumbaşı kəndində yerləşir. Sənədlərdə binanın 1895-1896-cı illərdə inşa edildiyi göstərilir, lakin sakinlər binanın  təqribən 1811-ci ildə inşa olunduğunu deyirlər.

Deyilənlərə görə, əvvəllər bu binada Molokan dindarları, monarxlar yaşayıblar. 1936-cı ildə kənddə, bu binanın yaxınlığında ilk məktəb binası tikilib. Həmin məktəb binası dağıldığından 1975-ci ildə kənd əhalisinin səyi ilə məktəbi hazırkı binaya köçürüblər.

Daxili imkanlar hesabına burada dəfələrlə təmir-bərpa işləri aparılsa da, bina əsaslı təmir olunmayıb.

Məktəbin direktor əvəzi Pərviz Əliyev bildirir ki, məktəb 240 yerlikdir və vaxtilə məktəbdə 250-yə yaxın şagird təhsil alıb. Məlum məsələlərdən sonra, son illərdə şagird sayı azalıb. Hazırda məktəbdə 189 şagird təhsil alır ki, onların da təlim-tərbiyəsi ilə 28 pedaqoji işçi məşğul olur.

Lənkəran – Astara Regional Təhsil idarəsindən bildirdilər ki, Lənkəran rayonunun Qumbaşı kənd tam orta məktəbinin tikintisi 2019 – 2023-cü illərin tədbirlər planına salınıb. Növbəti il üçün Qumbaşı kəndində yeni məktəb binasının tikilməsi nəzərdə tutulub.