SON XƏBƏRLƏR

Lənkəranın Balıqçılar qəsəbəsinin sakinləri bir neçə gündür ki, ətrafdan təcrid olunublar. Bu haqda məlumatı Cenublu.az bu gün, 14 yanvar tarixində Baku TV-yə istinadən verir.

Belə ki, yağıntının çox olması nəticəsində yollar bağlanıb, məktəbin dam örtüyünün bir hissəsi çöküb.

Rayon təhsil sektorunun müdiri Elman Rzayev bildirib ki, Balıqçılar tam orta məktəbində 106 nəfər şagird təhsil alır.

“Dam örtüyü qarın ağırlığına dözməyib çökdü. Bununla əlaqədar olaraq, təhsil sektorunun nümayəndələri və eyni zamanda təhsil nazirliyinin təmir tikinti idarəsi məktəbə baxış keçirdi. Məktəbin dam örtüyü dəyişdiriləcək. Bəzi şagirdlər Qızılağac qoruğuna aid olan binada tədrislərini davam etdirəcəklər”, – deyə o bildirib.

Qəsəbədə qarın hündürlüyü 60 sm-ə çatıb. Əsas magistral yolu bağlı olduğundan qəsəbəyə maşınla giriş-çıxış mümkünsüz olub.

Balıqçılar qəsəbəsindəki vəziyyətlə bağlı Lənkəran ŞİH-dən bildirildi ki, artıq əraziyə ağır texnika cəlb olunub. Yollarda olan problem aradan qaldırılır.