SON XƏBƏRLƏR

Lənkəranda yarımçıq yaradılmış kanalizasiya sistemi ortaya əlavə problemlər çıxarıb. Bu haqda bu gün, Cenublu.az ATV-yə istinadən xəbər verir.

Lənkəran və Astarada kanalizasiya şəbəkəsinin olmaması sakinləri müxtəlif çətinliklərlə  üz-üzə qoyur. Lənkəranda kanalizasiya xətləri olmadığından binalardan və həyət evlərindən axıdılan çirkab sular ya dənizə axıdılır, ya da məhəllələrdə, zirzəmilərdə toplanıb qalır. Nəticədə ətrafı üfunət bürüyür. Yağış yağdıqda vəziyyət daha da gəlizləşir. Məsələ burasındadır ki, Lənkəranda kanalizasiya şəbəkəsinin quraşdırılmasına başlansa da, işlər nədənsə yarımçıq dayandırılıb.

“4-5 il bundan qabaq biz şox şad olduq ki, bizim kanalizasiya  sistemlərimizi düzəldib,  istifadəyə verəcəklər. Dərinliyi 6-7 metr olan qazıntı işləri aparıldı, evlər çatlaq-çatlaq oldu, 1-2 il də iş getdi, kanalizasiya yox vəziyyətində elə-belə də qalıb”, – deyə sakin Sulduz Səfərov qeyd edib.

Astarada isə kanalizasiya barəsində düşünən belə yoxdur. Astara şəhər sakini Samirə Seyfullazadə bildirir ki:“Şəhər böyüyür, gözəlləşir günü gündən, amma kanalizasiya sistemi küçəyə axıdılır, dənizə axıdılır. Yəni bu da antisanitariyadır, insanlar üçün zərərlidir.”

Məsələ ilə bağlı Azərsu ASC-dən vurğulanıb ki, hər iki şəhərdə su təchizatı sistemi yenidən qurulub. Kanalizasiya şəbəkəsi də yaradılacaq.