SON XƏBƏRLƏR

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti “Lənkəran və Astara rayonları məktəblərində ictimai aktiv məktəb modelinin qurulması” adlı layihənin hazırlıq işlərinə başlayıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 17 fevral tarixində verir.

Layihə çərçivəsində Lənkəran və Astara rayonlarında yerləşən orta məktəblərdə müəllimlərin, şagirdlərin və valideynlərin iştirakı ilə seminarlar keçiriləcək.

Seminarlar vasitəsilə Lənkəran və Astara məktəblərinin şagirdlərinin ictimai fəal məktəb modeli və fəal iştirak, könüllülük, liderlik və sosial tərəfdaşlıq mövzularında məlumat səviyyəsini artırmaq, şagirdlərin ictimai fəallıq baxımından hazırlıq səviyyəsini, qeyri-formal təhsil imkanlarını, bilik və bacarıqlarını yüksəltmək nəzərdə tutulur.

Sonda seminar iştirakçılarına bukletlər paylanacaq, sertifikatlar təqdim ediləcək.

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirdiyi layihənin məqsədi məktəb və cəmiyyətin tərəfdaşlığını inkişaf etdirmək, ümumtəhsil müəssisəsində iştirakçılıq, könüllülük fəaliyyətinin genişləndirilməsi, şagirdlərin ictimai fəallığını inkişaf etdirməklə onların sosiallaşması, məktəblərdə sosial iştirakçılığı yüksəltməklə ictimai aktiv məktəb modelinin yaradılmasına dəstək göstərməkdir.