Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovla Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev arasında “Şəhərdaxili hərəkət planının hazırlanması” barədə müqavilə imzalanıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 22 may tarixində verir.
İmzalanan müqavilənin əhəmiyyəti barədə danışan natiqlər son vaxtlar artan yol-nəqliyyat hadisələrinin qarşısının alınmasında sözügedən layihənin mühüm rol oynayacağını qeyd ediblər. Vurğulanıb ki, regionların dayanıqlı inkişafı, xüsusilə də yol şəbəkələrinin planlı layihələndirilməsi və icrasına ciddi nəzarət olunması hər zaman diqqət mərkəzində olub.
Qeyd edək ki, BMT Baş Assambleyası tərəfindən qəbul olunan “2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”də əks olunan Dayanıqlı İnkişaf Məqsədləri (DİM) 1 yanvar 2016-cı il tarixindən qüvvəyə minib. 17 məqsədi özündə ehtiva edən DİM-in 11-ci məqsədi dayanıqlı şəhərlər və icmalara həsr olunub ki, “Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması” məhz sözügedən məqsədin təmin olunmasına xidmət edir. Məqsəd şəhər və yaşayış məntəqələrinin açıqlığını, təhlükəsizliyini, davamlılığını və ekoloji dayanıqlılığını təmin etməkdən ibarətdir.