23 yaşında ikən ulu öndər Heydər Əliyevlə görüşən və o gündən həyatı tamamən dəyişən 73 yaşlı Lənkəran sakini Kəsirə Həsənova ümummilli liderlə bağlı xatirələrini bölüşüb. Bu haqda məlumatı Cenublu.az bu gün, 11 may tarixində ARB Cenub-a istinadən verir.
Kəsirə Nəcəfəli qızı Həsənova 29 may 1950-ci ildə Lənkəran rayonunun Aşağı Nüvədi kəndində anadan olub. Tərəvəz sahələrində fəhlə kimi çalışan Kəsirə Həsənova hələ 23 yaşında ikən olu öndərin Cənub bölgəsinə səfəri zamanı onunla görüşmək imkanı əldə edib. Elə hər şey bu görüşdən sonra başlayır. Sadə zəhmət adamlarının əməyinə yüksək qiymət verən Heydər Əliyev gənc təsərrüfatçının bu sahədə püxtələşməsi üçün ona dəstək olur.
Ulu öndərlə görüş haqda danışan Kəsirə Həsənova bunları bildirib: “Heydər Əliyev ilə görüş zamanı əlimi uzatdım. Dedi: “Bunun əlləri cadar-cadardır, bu, deyəsən torpaq adamıdır, torpaqla məşğul olan adamdır”. Dedilər: “Bəli, həqiqətən fəhlədir”. Dedi: “Çox qoçaq qıza oxşayır. Mən onu qabağa çəkərəm. Belələrini qabağa çəkmək lazımdır!”.
Bu görüşün xoş təəssüratları Kəsirə Həsənovanın yaddaşında əbədi şirin xatirəyə çevrilir. O, adi fəhləlikdən deputatlığa qədər yüksəlir.
Heydər Əliyevin zəhmət adamları ilə növbəti görüşü 1973-cü ildə Moskvada olub.
“Bu foto Kreml sarayında çəkilib. Ora sessiyaya getmişdik. Bütün sessiyalarda Heydər Əliyev yığardı bizi bir yerə, fotolar çəkərdik, bizimlə danışardı, söhbət edərdi”.

73 yaşlı ağbirçək Kəsirə Həsənovanın unudulmaz xatirələrinin əksəriyyəti fotolarda öz əksini tapıb. Qəhrəmanımız deyir ki, Heydər Əliyev əmək adamlarına təkcə rəhbər kimi deyil, həm də atalıq qayğısını göstərirdi, onlara zaman ayırırdı. Dahi şəxsiyyət sadə insanlarla, xüsusilə zəhmət adamları ilə söhbət etməyi xoşlayırdı.