SON XƏBƏRLƏR

Bakıda bibisi qızını bıçaqlayan Lənkəran rayon sakininin məhkəməsi sona çatıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 5 oktyabr tarixində Baku.ws-ə istinadən verir.

Belə ki, Lənkəran rayon sakini, 33 yaşlı Elmir Bakı şəhərinin Keşlə qəsəbəsində yerləşən “Məhəllə” kafesində xadimə işləyən bibisi qızı Səbinəni öldürülməyə cəhd edib. O, ifadəsində bildirib ki, bibisi qızı 2011-ci ildə həyat yoldaşından boşanıb və bir müddət Lənkəran rayonunun Liman şəhərində anasıgildə yaşayandan sonra qızı ilə birgə Bakıya köçüb.

“Səbinənin yüngül həyat tərzi keçirməsi barədə heç nə eşitməmişəm. Sadəcə mən onun kafedə işləməsinə etiraz edirdim. 13 avqust axşam onun işlədiyi kafeyə getdim və Səbinənin pivə süzən aparatın arxasında dayandığını görüb əsəbiləşdim. Ona: “Niyə başqa iş tapmırsan, mağazada satıcı da işləyə bilərsən”,- dedim. O isə cavabında təhsili olmadığını, burada güclə iş tapdığını bildirdi. Mənimlə söz güləşdirdiyini düşündüm və bel kəmərimdə saxladığım bıçağı çıxararaq Səbinəni vurmağa başladım”.

Hadisədən sonra Elmir könüllü olaraq Nizami rayon Polis İdarəsinin 23-cü polis bölməsinə təslim olub və törətdiyi əməli etiraf edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elmir 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.