SON XƏBƏRLƏR

Vətən müharibəsi şəhidləri Mirməhəmmədəli Rzazadə və Qüdrət Məmmədzadənin anım mərasimləri keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 17 oktyabr tarixində Lənkəran şəhər İcra Hakimiyyətinə istinadən verir.

Lənkəran ŞİH başçısı Taleh Qaraşovun, icra aparatının məsul şəxslərinin, şəhidlərin ailə üzvlərinin və  ictimaiyyət nümayəndələrinin iştirakı ilə Şiləvar və Sütəmurdov kənd qəbiristanlıqlarında şəhidlərimizin məzarları ziyarət olunub.

İcra başçısı Taleh Qaraşov bildirib ki, torpaqlarımızın azad olunmasına, suveren hüquqlarımızın bərpasına və sərhədlərimizə tam nəzarət edə bildiyimizə görə şəhidlərimizə borcluyuq. Bir ailənin övladı kimi Vətənin müdafiəsinə qalxan övladlarımız bütün xalqın övladı, əzizi kimi daim qəlblərdə yaşayacaqlar. Şəhid ailələri də öz növbələrində icra başçısının diqqət və qayğısından məmnunluqlarını ifadə ediblər.

Qeyd edək ki, Rzazadə Mirməhəmmədəli Tərlan oğlu Ali Baş Komandan İlham Əliyev tərəfindən ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.

Şəhidimiz Q.Məmmədzadə də döyüşlərdə göstərdiyi igidlik və şücaətə görə ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.