SON XƏBƏRLƏR

Lənkəran rayonunun Sütəmurdov kəndində şəhid Qüdrət Tofiq oğlu Məmmədzadənin doğum günündə adını daşıdığı küçədə xatirəsinə inşa edilən bulaq kompleksinin açılış mərasimi keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 10 sentyabr tarixində Lənkəran şəhər İcra Hakimiyyətinə istinadən verir.

Açılış mərasimində Lənkəran ŞİH başçısı Taleh Qaraşov, aparatın məsul şəxsləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. İcra başçısı Taleh Qaraşov şəhidin atası Tofiq Məmmədovla birgə xatirə bulağının açılış lentini kəsib.

Geniş məruzə ilə çıxış edən icra başçısından sonra şəhid atası Tofiq Məmmədov övlad itkisinin çətinliyindən danışıb. O qeyd edib ki, ağrı və acılarına rayon rəhbərliyinin və el-obasının şərik olması, daim yanlarında olaraq qayğı və istəkləri ilə maraqlanması onların özlərini tənha hiss etməmələrinin əsas səbəblərindəndir.

Çıxışlardan sonra tədbir Sütəmurdov kənd tam orta məktəbinin şagirdlərinin ifasında qəhrəman Vətən övladlarına həsr olunan şeirlərin səsləndirilməsi ilə davam edib.

Qeyd edək ki, Q.Məmmədzadə ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.