SON XƏBƏRLƏR

Lənkəran rayonunun Boladi kəndində şəhid mayor Aqşin İbadovun ev-muzeyinin açılışı baş tutub. Bu haqda məlumatı Cenublu.az bu gün, 22 oktyabr tarixində Lənkəran şəhər İcra Hakimiyyətinə istinadən verir.

Tədbirdə Lənkəran rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov da iştirak edib. Dövlət himninin səslənməsi və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad olunmasından sonra ŞİH başçısı çıxış edib. Torpaqlarımızın azadlığı uğrunda şəhid olan qəhrəman övladlarımızın valideynlərinə təşəkkür edən icra başçısı cəmiyyətin hər bir fərdinin şəhid valideynlərinə hörmətlə, ehtiramla yanaşmalı olduğunu qeyd edib.

Daha sonra şəhid atası Nazim İbadov övlad itkisinin çətinliyindən danışaraq bildirib ki, ağrı və acılarına rayon rəhbərliyinin və el-obasının şərik olması, daim yanlarında olaraq qayğı və istəkləri ilə maraqlanması onların özlərini tənha hiss etməmələrinin əsas səbəblərindəndir.

Çıxışlardan sonra şəhidimizin təhsil aldığı Boladi kənd 1 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında vətənpərvərlik ruhunda və şəhidlərimizin xatirəsinə həsr olunan şeirlər səsləndirilib.  Ev-muzeyi ilə tanış olan Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov xatirə kitabına ürək sözlərini yazıb. Daha sonra şəhid Aqşin İbadovun məzarı ziyarət olunub, üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edilib.