SON XƏBƏRLƏR

Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin rəsm studiyası gənc rəssamların yetişməsində böyük rol oynayır.

Mədinə Əzimzadə erkən yaşlarından rəsm çəkməyə başlayıb. Artıq 6 ildir ki, o, Heydər Əliyev Mərkəzinin rəsm studiyasında dərslərə qoşulub.

Gənc rəssamın əsərləri öz rəngarəngliyi, mövzu və rənglərin bənzərsizliyi ilə seçilir. Müəllimi Aygün Əkbərova deyir ki, Mədinənin öz daxili aləmini zəngin rənglər vasitəsilə ifadə etmək qabiliyyəti onun yaradıcılığının fərqləndirici cəhətidir. Mədinənin rəsm əsərlərində əks olunan natürmortlar, əlvan  çiçəklər və təmamilə gözlənilməz mövzular, məna və hisslərin dərinliyi ilə diqqət çəkir. Mədinə, həmçinin məktəbdə keçirilən rəsm müsabiqəsinin qalibidir.

“15 yaşım var və mənim rəsmə olan marağım uşaqlıqdan başlayıb. Mən ilk addımlarımı Lənkəran Heydər Əliyev Mərkəzinin rəsm studiyasında başlamışam. Ilk öncə natürmort, daha sonra portretlər çəkməyi öyrəndim.  Yaşıllıq, ağaclıq, yəni rəngarəng rəsmlər çəkməyi daha çox sevirəm. Gələcəkdəki planım Dövlət Rəssamlıq Akademiyasını bitirib, ölkəmizi digər ölkələrdə təmsil etməkdir”.

Heydər Əliyev Mərkəzində rəsm studiyasının şagirdi olan Asiman da rəsm çəkməyi çox sevir. Rəssamlığın sirlərini müəllimi Aygün Əkbərovadan öyrənən Asiman öz əsərlərində  görüb duyduğu dünyanı məhəbbətlə əks etdirir. Ən çox sevdiyi əsəri isə Qarabağ döyüşlərində şəhid olan qonşusu Mirxəyalın şəklidir.

“Balaca qələmlərlə öz əsərlərimi yaradırdım. Müəllimlərim əsərlərimi bəyənirdi. Mənə tövsiyə edirdilər ki, Heydər Əliyev Mərkəzində rəsm çəkməyin sirlərini öyrənim. 7 yaşımdan bəri rəsm çəkirəm.  Mən bura gələndə tam çəkməyi bacarmırdım, Aygün müəllimə çəkməyi mənə öyrədib. Gələcəkdəki planlarım Akademiyaya qəbul olub, dizayner-memar olmaqdır”.

Qeyd edək ki, gənclər  rəsm studiyasında  toxuculuq və heykəltaraşlığı da öyrənirlər.