SON XƏBƏRLƏR

Lənkəran şəhər Uşaq Rəssamlıq Məktəbinin məzunları ilə görüş keçirilib. Bu haqda bu gün, 9 sentyabr tarixində Cenublu.az Lənkəran Regional Mədəniyyət İdarəsinə istinadən xəbər verir.

Mədəniyyət Mərkəzində baş tutan tədbir təhsil müəssisəsinin məzunlarının ali və orta ixtisas təhsil müəssisələrinə daxil olması münasibətilə təşkil olunub. Burada Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov, rəssamlıq məktəbinin müəllimləri, şagirdləri və valideynlər iştirak ediblər.

Şahin Şahbazov çıxışı zamanı məktəbin respublika və beynəlxalq müsabiqələrdə əldə etdiyi uğurlarından bəhs edib. O, məzunları təbrik edərək, gələcək fəaliyyətlərində yaradıcılıq uğurları arzulayıb.

Daha sonra imtahanlarda yüksək nəticələr göstərərək universitet və kolleclərə daxil olan məzunlar Regional İdarənin Fəxri Fərmanları ilə təltif olunublar. Həmçinin respublika və beynəlxalq sərgilərdə fəal iştirak edərək nailiyyətlər əldə etmiş şagirdlərə sertifikat və diplomlar təqdim edilib.

Qeyd edək ki, Lənkəran şəhər Rəssamlıq Məktəbinin 16 məzunundan 15-i ali və orta ixtisas təhsil müəssisələrinə daxil olub.