SON XƏBƏRLƏR

Lənkəran Rayon Mərkəzi Xəstəxanasında ilk dəfə invaziv kardiologiya və ürək-damar cərrahiyyəsi şöbələrinin açılışı olub. Bu haqda məlumatı Cenublu.az bu gün, 3 fevral tarixində Report.az-a istinadən verir.

Belə ki, adıçəkilən şöbələrdə bölgənin 9 rayonundan olan göndərişli xəstələr qəbul ediləcək. Şöbədə kardioloji mərkəzlə yanaşı, ən müasir tibbi avadanlıqlarla təchiz olunan laborator və radiologiya xidməti fəaliyyət göstərəcək.

TƏBİB-nin icraçı direktoru Vüqar Qurbanov bildirib ki, keçən il üçün ürək-damar xəstəlikləri üzrə Lənkəran Rayon Mərkəzi Xəstəxanasından və ətrafda olan xəstəxanalardan Bakı və digər şəhərlərimizə bu xidməti göstərən özəl müəssisələrə 1 749 göndəriş verilib: “Həmin müddət ərzində 187 açıq ürək əməliyyatı həyata keçirilib. Hansı ki, həmin əməliyyatlar regionda icra olunmadığından Bakıda olub. Yeni şöbələrin açılması ilə cənub zonasında yaşayan vətəndaşlar həmin xidmətləri tam şəkildə Lənkəran Rayon Mərkəzi Xəstəxanasında əldə edə biləcəklər”.

Xəstəxanada, həmçinin Kompüter Tomoqrafiya (KT) müayinələri, Maqnit-Rezonans Tomoqrafiya (MRT) müayinəsi, eləcə də yenidən qurulmuş laboratoriyanın da açılışı olub.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev isə qeyd edib ki, artıq cənub regionunun vətəndaşlarının təcili hal olduqda Bakıya gəlməsinə ehtiyac qalmayacaq: “İnsanların daha sağlam və uzun ömür yaşamalarına xidmət göstəriləcək. Yenidən qurulan laboratoriyada genetik analizlərdən başqa, bütün analizlərin tam avtomatlaşdırılmış şəkildə aparılması mümkün olacaq. Vətəndaşlar müayinələrin cavablarını elektron formada e-Təbib xidmətindən də əldə edə biləcəklər”.