SON XƏBƏRLƏR

Bu gün, 26 avqust tarixində Lənkəran Dövlət Dram Teatrının mərhum aktyoru Füzuli Məmmədovun 70 illik yubileyidir.

Füzuli Şahbala oğlu Məmmədov Sabirabad rayonunda anadan olub. 1973-cü ildə M.A.Əliyev adına İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirdikdən sonra Lənkəran Dövlət Dram Teatrında aktyor fəaliyyətinə başlayıb. 1982-1984-cü illərdə teatrın direktor müavini və direktoru vəzifələrində çalışıb. 1986-1988-ci illərdə “Qaya” ansamblında icraçı direktor və 1988-2006-cı illərdə Dövlət Gənc Tamaşaçılar teatrında direktor müavini vəzifələrində çalışıb. 1999-cu ildən Bakı Oksford məktəbində pedaqoq, 2006-cı ildən Dövlət Pantomima Teatrında direktor işləyib.

O, Türkiyənin Trabzon şəhərində 1-13 may 2006-ci il tarixlərinə keçirilən “7-ci uluslararası Karadeniz tiyatro” festivalında iştirak edib.

Lənkəran teatrında işlədiyi müddətdə aktyor K.Qaldoninin “İki sahibin qulluqçusu” (Trufaldino), V.Şekspirin “Qış nağılı” (Antiqon), A.Safronovun “Qəribə həkim”(Koppuş), N.B.Vəzirovun “Hacı Qəmbər” (Hacı Qəmbər), S.Rəhmanın “Toy” (Kərimov), İ.Əfəndiyevin “Məhv olmuş gündəliklər” (Savalan), Elçinin “Dəyişmə” (Keşikçi), A.Mirzəyevin “Yolçular” (Sabirabadlı) tamaşalarında oynayıb.

O, həmçinin C.Əmirovun “Qara Volqa” (sahə müvəkilli), R.İbrahimbəyovun “Etimad telefonu” (yol polisi), X.Muradovun “Azadlığa gedən yollar” (Salamov), R.Almuradlının “Yük” (xırdavatçı) filmlərinə çəkilib.

Füzuli Məmmədov 18 mart 2009-cu ildə, 56 yaşında dünyasını dəyişib.