SON XƏBƏRLƏR

Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Şürük kəndində səyyar qəbul-görüş keçirib. Bu haqda məlumatı Cenublu.az bu gün, 22 oktyabr tarixində verir.

Səyyar qəbul-görüşdə icra başçısı ilə birlikdə icra hakimiyyəti aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların və xidmət sahələrinin rəhbər işçiləri də iştirak ediblər.

İcra başçısı bildirib ki, vətəndaş məmnunluğunun təmin edilməsi, qaldırılan məsələlərin həllinə obyektiv yanaşılması və problemlərin çözümü ilə bağlı əlverişli mexanizmlərin təklif edilməsi bütün dövlət məmurları qarşısında qoyulan başlıca tələblərdəndir. Şəhid ailələrinin, qazilərin və Vətən müharibəsi iştirakçılarının daim diqqət mərkəzində saxlanıldığını vurğulayan icra başçısı qeyd edib ki, dövlət hər zaman onların qayğı və problemlərinə həssas yanaşır və bütün gücü ilə onların yanındadır.

Səyyar qəbulda sözügedən kateqoriyadan olan vətəndaşların qaldırdıqları icra hakimiyyətinin səlahiyyətlərinə aid olan məsələlər yerindəcə həll edilib, icra hakimiyyətinin səlahiyyətlərinə aid olmayan məsələlərin həlli üçün isə aidiyyəti qurumlara rəsmi qaydada müraciət olunması ilə bağlı tapşırıqlar verilib.