SON XƏBƏRLƏR

Lənkəranlı şəhidlərimiz Hüseyn Bəşirzadə və Xəyal Əhədzadənin məzarları ziyarət olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 24 oktyabr tarixində verir.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov rayonun Qumbaşı kəndində Vətən müharibəsi şəhidimiz Bəşirzadə Hüseyn Xanhüseyn oğlunun 2-ci ildönümü mərasimində, Nərimanabad qəsəbəsində isə sentyabr hadisələrində şəhid olmuş Əhədzadə Xəyal Əlövsət oğlunun 40 mərasimində iştirak edib, ailə üzvlərinə başsağlığı verib və səhidlərimizin məzarlarını ziyarət edib.

İcra aparatının məsul şəxslərinin, hüquq mühafizə orqanlarının rəhbərlərinin, şəhidlərin ailə üzvlərinin və yerli ictimaiyyətin iştirakı ilə baş tutan ziyarətlər zamanı şəhidlərimizin məzarları önünə gül dəstələri düzülüb və ruhlarına dualar edilib. Taleh Qaraşov şəhid ailələrinin üzvləri ilə söhbət edib, qayğı və istəklərini dinləyib. İcra başçısı bildirib ki, hər zaman onların yanındadır, istənilən məsələ ilə bağlı tərəddüdsüz onunla birbaşa və maneəsiz əlaqə yaratmaq imkanları var.

Qeyd edək ki, dövlətimizin başçısının müvafiq sərəncamları ilə H.Bəşirzadə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları, gizir X.Əhədzadə isə sağlığında “Azərbaycan Bayrağı” ordeni, “Vətən müharibəsi iştirakçısı”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə”  medalları ilə təltif olunub.