SON XƏBƏRLƏR

Lənkəran ŞİH başçısı Taleh Qaraşov Gəgiran kəndində şəhid Baloğlan Əhədlinin anım günündə məzarını ziyarət edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 7 noyabr tarixində verir.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun, icra aparatının rəsmilərinin, şəhid ailələri üzvlərinin və yerli sakinlərin iştirakı ilə baş tutan ziyarət zamanı Gəgiran kənd qəbiristanlığındakı bütün şəhidlərimizin məzarları üzərinə tər güllər düzülüb, ruhlarına dualar edilib.

İcra başçısı şəhidin ailə üzvləri ilə səmimi söhbət edib, onların qayğıları ilə maraqlanıb.

İcra başçısı dövlətə və dövlətçiliyə sadiq olan lənkəranlıların Vətən müharibəsindəki iştirakının ali siyasi rəhbərlik tərəfindən yüksək dəyərləndirildiyini xüsusi olaraq vurğulayıb. Onun sözlərinə görə, Ali Baş Komandanın müvafiq sərəncamları ilə 23 nəfər ordenlə, 1879 nəfər isə medallarla təltif olunublar.

Şəhid atası Şakir Əhədov övlad itkisinin çətinliyindən danışaraq bildirib ki, ağrı və acılarına rayon rəhbərliyinin, el-obasının şərik olmaları, daim yanlarında olaraq qayğı və istəkləri ilə maraqlanmaları onların özlərini tənha hiss etməmələrinin əsas səbəblərindəndir. Ş.Əhədov dövlətimizin başçısının bir neçə gün öncə imzaladığı Sərəncamla övladının 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə mükafatlandırıldığını da yüksək qiymətləndirib.

Qeyd edək ki, şəhidimiz B. Əhədli ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “İgidliyə görə”, “Qubadlının azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.